Həftənin çərşənbə günü, axşam çağı təşkil olunmuş İran İslam Respublikasında ilk strateji ideyalar konfransında İslam İnqilabının Ali Məqamlı Rəhbəri və universitetlərdə, elmi-teoloji mərkəzlərdə fəaliyyət göstərən onlarla mütəfəkkir, professor və mütəxəssis “İran-İslam modelli tərəqqinin əsasları, özəllikləri və müxtəlif aspektləri”ni müzakirə etməyə və araşdırmağa başladılar.
4 saatdan artıq davam edən konfransda 14 nəfər ekspert və mütəfəkkir təqribən 3 saat yarım ərzində polemikalar apararaq “İran-İslam modelli tərəqqi” məsələsi ilə bağlı fərqli rəy və görüşlərini ifadə etdilər. Konfransın davamında Həzrət Ayətullah Xamenei bu strateji modelin işlənib hazırlanmasında ölkənin bütün ziyalı potensialından istifadə etmək lazım olduğunu vurğulayaraq qeyd etdi ki, “təfəkkür, elm, yaşam və mənəviyyat” İran-İslam modelli tərəqqinin başlıca 4 müstəvisidir. O həmçinin vurğuladı: “Bu model ölkədə işlənib hazırlanan bütün fəaliyyət proqramlarından və perspektiv planlardan daha yüksəkdə duran bir sənəd olacaqdır.”
Həzrət Ayətullah Xamenei ilk strateji ideyalar konfransında təqdim olunan elmi məqalələrdən, alim və professorların çıxışlarından məmnun qaldığını bildirərək onlara minnətdarlıq etdi. Bütün bunların ölkənin ziyalı və mütəfəkkirlərinin olduqca yüksək potensiala malik olmasından xəbər verdiyini deyən Ali Məqamlı Rəhbər məsələnin əhəmiyyətini daha da açıqlayaraq dedi: “İran İslam Respublikasında heç vaxt analoji bir konfrans keçirilməyib.”
Strateji ideyalar konfranslarının davam etdirilməsinin vacibliyini vurğulayan Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu silsilə konfransların təşkilində əsas məqsədlərdən biri ölkədəki ideoloq və mütəfəkkirləri başlıca, irimiqyaslı məsələlərin həlli prosesinə cəlb etməkdir. O, əlavə etdi: “Ölkəmiz qarşıya böyük məqsədlər, irimiqyaslı işlər qoyub. Onların reallaşması üçün ziyalı və elm xadimlərinin potensialından və bacarığından istifadə olunmalıdır. Bunun üçün isə ideoloq və mütəfəkkirləri həmin irimiqyaslı məsələlərə cəlb etmək lazımdır.”
Ali Məqamlı Rəhbər qeyd etdi ki, silsilə strateji ideya konfranslarının digər məqsədi irimiqyaslı məsələlərlə bağlı əvvəlcə ziyalılar arasında, daha sonra isə ümumi cəmiyyət səviyyəsində konkret mədəniyyət və diskursun formalaşdırılmasıdır. O, dedi: “Bu konfransların təşkilində üçüncü məqsəd ölkənin gələcək inkişaf kursunu müəyyənləşdirmək, bir növ, ölkənin gələcəti üçün relslər atmaqdır.”
Ali Məqamlı Rəhbər bu konfranslarda yekun nəticənin əldə edilməsi üçün tələsmək lazım olmadığını vurğulayaraq əlavə etdi: “Tərəqqinin İran-İslam modelini işləyib hazırlamaq uzun, ən yaxşı halda isə orta müddətli bir proses olacaqdır, lakin eyni zamanda işlər məntiqi bir sürətlə həyata keçirilməlidir.”
Həzrət Ayətullah Xamenei həmçinin bunları da qeyd etdi: “Tərəqqinin İran-İslam modelində başlıca hədəflər müəyyənləşdiriləcək, lakin strategiyalar zamanın tələbinə uyğun olaraq, dəyişdirilə, daha da yaxşılaşdırıla bilər. Bu isə modelin çevikliyini, dövrün tələblərinə uyğunlaşma imkanlarına malik olduğunu göstərir.”
“Tərəqqinin İran-İslam modeli” ifadəsinin 4 komponentini açıqlayan Ali Məqamlı Rəhbər “model” kəlməsinin “ümumi plan” mənasında işləndiyini deyərək əlavə etdi: “Əlimizdə ümumi plan olmasa, bəzi iqtisadi, yaxud mədəni məsələlərdə ötən 30 ildə olduğu kimi, bəzən ziddiyyətli addımlara yol verə bilərik.”
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, “İslam” kəlməsinin seçilməsinin səbəbi isə bu modelin başlıca hədəflərinin, dəyərlərinin və metodlarının İslamın əsaslarına, İslam maarifinə söykənməsinin vacibliyini diqqətə çatdırmaqdır. Ali Məqamlı Rəhbər əlavə etdi: “Cəmiyyətimiz və dövlətimiz İslam dininə əsaslanır. Biz fəxr edirik ki, islami mənbələrdən istifadə edərək öz inkişaf modelimizi işləyib hazırlamaq iqtidarındayıq.”
“Tərəqqinin İran-İslam modeli” ifadəsində “İran” sözünün işlədilməsinin səbəbini açıqlayan Ali Məqamlı Rəhbər bu modeldə İrana xas olan tarixi, coğrafi, mədəni, iqtisadi və sosial şərtləri nəzərə almağın vacibliyi kimi məsələlərə toxunaraq əlavə etdi: “Bundan əlavə, bu modelin layihəsini işləyib hazırlayanlar da İran mütəfəkkirləridir və sözügedən model, əslində, bu diyarın düşüncə adamlarının ölkənin gələcəyini müəyyənləşdirmək uğrunda səylərinin təzahürüdür.”
Ali Məqamlı Rəhbər həmçinin bu ifadədə “inkişaf” sözü əvəzinə “tərəqqi” sözünün seçilməsinə də toxunaraq bunları vurğuladı: “İnkişaf” kəlməsi qlobal miqyasda standartlaşmış, bizim qəbul etmədiyimiz özünəməxsus məna, dəyər yükünə və tələblərə malik olan bir termindir. Buna görə də biz “tərəqqi” sözündən istifadə etdik. Yeri gəlmişkən, başqalarının təfəkkürünün məhsulu olan anlayışlardan istifadə etməmək ənənəsinə İslam İnqilabının tarixi boyunca daim rast gəlinib.”
Həzrət Ayətullah Xamenei bildirdi ki, “Tərəqqinin İran-İslam modeli”nin işlənib hazırlanması prosesində zəruri şərtlərdən biri də arzuolunan səviyyənin müəyyənləşdirilməsi, mövcud səviyyədən arzuolunan səviyyəyə necə çatmaq yollarının göstərilməsidir. O, əlavə etdi: “İki anlayışdan – İran və İslam anlayışlarından istifadə heç vəchlə başqalarının nailiyyətlərindən və onların müsbət təcrübəsindən yararlanmamaq anlamına gəlmir. Bu yolda biz düzgün olan hər cür elm və bilgidən açıq və seçici gözlə istifadə edəcəyik.”
“Tərəqqinin İran-İslam modeli” ilə bağlı bütün sualların ortaya qoyulmasının və cavablandırılmasının vacib olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Suallardan biri budur ki, nəyə görə bu modelin işlənib hazırlanması üçün məhz bu etap seçilib?”
Ali Məqamlı Rəhbər sualın cavabında bunları qeyd etdi: “Ötən 30 il ərzində toplanmış təcrübə və biliklər göstərir ki, hazırkı mərhələ bu yola başlamaq üçün münasib vaxtdır.”
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəziləri düşünürlər ki, ölkədə bu modelin işlənib hazırlanması üçün ideoloji potensial yoxdur. Lakin mövcud olan olduqca yüksək potensial və geniş perspektiv imkanlar sübut edir ki, iranlı mütəfəkkir və ideoloqlar bu modeli işləyib hazırlamağa qadirdirlər və bu proses mütləq irəli gedəcək.”
Tərəqqi modelinin hansı arenaları ehtiva edəcəyini açıqlayan Həzrət Ayətullah Xamenei 4 müstəviyə – təfəkkür, elm, yaşam və mənəviyyat müstəvilərinə toxunaraq dedi: “Tərəqqinin İran-İslam modeli elə işlənməlidir ki, cəmiyyətin inkişafını düşünən bir cəmiyyətə sarı istiqamətləndirsin, düşüncə, yeni-yeni ideyaların aşıb daşması cəmiyyətimiz üçün açıq-aydın bir reallığa çevrilsin.”
Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər bildirdi ki, təfəkkür sahəsində tərəqqinin əsas strategiya və tələblərini müəyyənləşdirmək, bu tərəqqidə mühüm rol oynayan vasitələrə, o cümlədən təhsil, tərbiyə və KİV-ə xüsusi diqqət ayırmaq tərəqqi modelinin işlənib hazırlanmasında olduqca əhəmiyyətlidir.
Ali Məqamlı Rəhbərin “tərəqqi sferaları” sırasında toxunduğu ikinci sahə elm sahəsi oldu. O, sözügedən sahə ilə bağlı bunları dedi: “Ölkədəki innovativ fəaliyyət və elmi baxımdan müstəqillik qazanmaq istiqamətində həyata keçirilən müsbət irəliləyişlər daha böyük sürət tempi və qüvvə ilə davam etdirilməlidir. Tərəqqi modelində hərtərəfli, dərin və fundamental elmi inkişafa aparan yollar müəyyən edilməlidir.”
Həzrət Ayətullah Xamenei “İran-İslam modelli tərəqqi”dən danışarkən insan həyatının ana xəttini təşkil edən təhlükəsizlik, ədalət, rifah, azadlıq, hökumət, müstəqillik və milli qürur kimi başlıca məsələlərə diqqət yetirməyin vacib olduğunu dedi. O, əlavə etdi: “Bu modeldə insanın həyatı və yaşayışına kifayət qədər diqqət yönəldilməlidir.”
Ali Məqamlı Rəhbər qeyd etdi ki, mürəkkəb, dəqiqlik tələb edən və uzunmüddətli bir proses olan “Tərəqqinin İran-İslam modeli”nin işlənib hazırlanması işində dördüncü və ən mühüm sahə mənəviyyat sferasıdır. O dedi ki, bu sahəyə ciddi diqqət yetirmək lazımdır, çünki mənəviyyat bütün sferalarda və işlərdəki həqiqi tərəqqinin mahiyyətini təşkil edir.
Ali Məqamlı Rəhbər bildirdi ki, bəşəriyyətin zəmanənin imamı Mehdi Sahibəzzamanın (ə.f) zühur edəcəyi dövrdəki yaşayışı mükəmməl insan həyatına ən gözəl nümunə olacaq. O dedi: “Bir neçə min illik tarixi olan bəşər keçmişdə olduğu kimi, yenə də həyatın burulğanlarında dolanıb durmaqdadır və Həzrət Höccətin zühur etdiyi dövrdə həqiqi tərəqqinin böyük və möhtəşəm yoluna qədəm basacaq. Əlbəttə ki, bunun üçün durmadan çalışmaq, səy göstərmək lazımdır.”
Həzrət Ayətullah Xamenei ilk strateji ideyalar konfransındakı çıxışını tərəqqi modelinin islami mahiyyəti haqda fikirlərlə davam etdirdi.
Ali Məqamlı Rəhbər bildirdi ki, sözügedən modeldə tövhid – təkallahlılıq məsələsinə diqqət yetirmək çox vacibdir. O, əlavə etdi: “Əgər tövhid, Allaha etiqad və bu etiqaddan irəli gələn məsuliyyət insanların həyatında geniş formada oturuşsa, bəşər cəmiyyətinin problemləri həll olunacaq və gerçək tərəqqi üçün yol açılacaq.”
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, tərəqqi modelində ölümdən sonrakı həyata və axirət günü çəkiləcək haqq-hesaba diqqət yetirilməsi bütün çətinliklərə dözümlü yanaşmağın məntiqə uyğun xarakter almasına, fədakarlıq və hər şeyini qurban vermək psixologiyasının rəvac tapmasına səbəb olacaq. O dedi: “Bu əsas və taleyüklü anlayış “Tərəqqinin İran-İslam modeli”ndə tam mənası ilə öz əksini tapmalıdır.”
Ali Məqamlı Rəhbərin “İran-İslam modelli tərəqqi”nin mahiyyəti ilə bağlı diqqət yönəltdiyi digər məqam İslamın yanaşmasına görə, dünya və axirətin biri-biri ilə sıx və ayrılmaz şəkildə bağlılığı və insanın kainatın mehvərində durması oldu.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam dinində və Qərbin materialist fəlsəfi cərəyanlarında əksini tapmış “insanın kainatın mehvərində durması” anlayışı biri-birindən tam fərqlənir. O dedi: “İslam dininin son hədəfi insanın nicatı və səadətidir. Məhz bu baxımdan da bütün digər məsələlər, o cümlədən ədalət, rifah, təhlükəsizlik və ibadət bir hazırlıq, aralıq hədəf rolunu oynayır. Başlıca məqsəd isə insanın xoşbəxtik və səadətə qovuşmasıdır.”
Həzrət Ayətullah Xamenei İslam dininin baxış prizmasında insanın ixtiyar sahibi olan, öhdəsində müəyyən vəzifə və məsuliyyətlər daşıyan və Allah tərəfindən düzgün yola istiqamətləndirən bir varlıq olduğunu dedi. İslamın insana bu baxış aspektinin tərəqqi modelində öz əksini tapmalı olduğunu vurğulayan Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “İslamın nöqteyi-nəzərinə görə, demokratiya xalqın hüququ olmaqdan əlavə, həm də onun öhdəsinə düşən şəri vəzifədir. Heç kəs: “Cəmiyyətin yaxşı, yaxud pis vəziyyətdə olmasının mənə aidiyyəti yoxdur” – deyə bilməz.”
Ali Məqamlı Rəhbər bildirdi ki, “Tərəqqinin İran-İslam modeli”ndən kifayət qədər diqqət yetirilməli olan məsələlərdən biri də “İslam dini baxımından hakimiyyət” məsələdir.
Həzrət Ayətullah Xamenei bu barədə aşağıdakıları qeyd etdi: “Fərdin hakimiyyət üçün müəyyən şəxsi keyfiyyətlərə və səlahiyyətlərə malik olması İslam dinində o qədər əhəmiyyətli bir məsələdir ki, idarəçilik məsuliyyətini öhdəsinə götürmək istəyən hər bir şəxs lazımi keyfiyyətləri özündə formalaşdırmalıdır. Əks təqdirdə o, hakimiyyət məsuliyyətini boynuna çəkməklə şəriətdə qeyri-qanuni hesab olunan bir iş görmüş olur.”
İslamın hakimiyyət məsələsinə baxışı ilə bağlı digər məqamları açıqlayan Həzrət Ayətullah Xamenei dinin başqasının üzərində ağalığı inkar etdiyini bildirərək əlavə etdi: “İslam dininə görə, başqalarının üzərində ağalıq etməyi, üstünlüyü xoşlayan, yaxud yalnız öz mənafeyini güdən şəxslərin hakimiyyət səlahiyyətlərini qəbul etmək haqqı yoxdur. Camaatın da belə bir şəxsi özlərinə hakim seçməyə haqqı yoxdur. Bu nicat və səadət bəxş edən baxış bucağı “Tərəqqinin İran-İslam modeli”ndə tətbiq olunmalıdır.”
Ali Məqamlı Rəhbər tərəqqi modelində həmçinin iqtisadiyyata xüsusi diqqət yetirməyin də vacib olduğunu bildirərək əlavə etdi: “Görkəmli ziyalıların birgə məsləhət və səyləri nəticəsində işlənib hazırlanacaq tərəqqi modelində ədalət başlıca prinsiplərdən biri olaraq nəzərdə tutulmalıdır. Çünki İslam dinində ədalət haqla batilin, hökumətin legitim, yaxud qeyri-legitim olmasının meyarıdır.”
Həzrət Ayətullah Xamenei “Tərəqqinin İran-İslam modeli”nin hazırlanması prosesində vacib olan daha bir məqam kimi, “iqtisadiyyata qeyri-materialist yanaşma” məsələsinə toxunaraq dedi: “İslam maddi sərvətlərə önəm verir və onların istehsalını alqışlayır, amma bir şərtlə: maddi sərvətlərdən fəsad, işğalçılıq və israfçılıq üçün istifadə olunmasın.”
Çıxışının son qismində Ali Məqamlı Rəhbər silsilə strateji ideya konfranslarının davam etdirilməsinin vacibliyini bir daha vurğulayaraq əlavə etdi: “Tərəqqinin İran-İslam modeli”nin işlənib hazırlanması prosesində universitetlərdə və elmi-teoloji mərkəzlərdə onlarla elmi konfransların keçirilməsinə, elmi və ideoloji dairələrin yaradılmasına ehtiyac ola bilər. İstənilən halda, mühüm olan budur ki, ölkənin bütün ziyalı potensialından istifadə edərək başladığımız bu yolu davam etdirək və inşallah, arzuladığımız məqsədə çataq.”
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, yüksək mahiyyəti etibarilə, “Tərəqqinin İran-İslam modeli” kimi bir sənədin nazirlik və parlamentlərdə işlənib hazırlanması mümkün deyil. O, bu strateji məqsədə nail olmaq üçün xüsusi mərkəzin yaradılmasını vacib hesab etdiyini bildirərək əlavə etdi: “Əlbəttə, təkcə bir dövlət orqanı belə bir mühüm işin, möhtəşəm hərəkatın öhdəsindən gələ bilməz. Bunun üçün ölkənin bütün mütəfəkkir və ideoloqlarının birgə həmkarlığı tələb olunur.”
Ali Məqamlı Rəhbər əlavə etdi: “Prosesin gedişinə nəzarət etmək üçün yaradılacaq xüsusi mərkəz və qərargah ekspert və ziyalılara dəstək olaraq “Tərəqqinin İran-İslam modeli”nin işlənib hazırlanması kimi mühüm bir məqsədə aparan yolu asanlaşdırmağa yardımçı olacaq.”
“Tərəqqinin İran-İslam modeli” mövzusuna həsr edilmiş ilk strateji ideyalar konfransının əvvəlində Əllamə Təbatəbayi adına Universitetin professoru Doktor Məsud Derəxşan özünün rəy və görüşlərini ifadə etdi.
O “İran-İslam modelli iqtisadi tərəqqinin əsaslarına bir baxış” adlı məqaləsində bunları qeyd etdi: “Tərəqqinin İran-İslam modeli dini meyarlara və şəri hökmlərə əsaslanmaqdan əlavə, İranın yarım əsr ərzində neftdən gələn gəlirlərdən asılı olmuş iqtisadiyyatının özəllikləri də nəzərə alınmalıdır.”
Doktor Derəxşan əlavə etdi: “Tərəqqi modelinin işlənib hazırlanması endogen – daxili əsaslar üzərində qurulmalı olan bir prosesdir və onun icrası üçün hökumət və qeyri-hökumət orqanlarında çalışan rəsmilərin milli əzm və iradəsini nümayiş etdirməsinə, daxili istedad və bacarığa söykənməyə ehtiyac var.”
Ölkədə baş tutan ilk strateji ideyalar konfransında ikinci çıxışçı Firdovsi adına Məşhəd Universitetinin professoru Doktor Mustafa Səlimifər oldu.
O, sonuncu yüzilliklər ərzində inkişafla bağlı elmi nəzəriyyələrin və təfəkkür tərzinin dəyişmə prosesini nəzərdən keçirərək dedi: “İnkişaf modellərində həyata keçirilmiş bütün dəyişikliklərə baxmayaraq, bütün modellər humanist yanaşmadan və sekulyar dünyagörüşündən qaynaqlandıqlarına görə, toplumların qarşıya qoyduğu məqsədə çatmasını təmin edə bilməmişlər. İdeoloji fərqlərdən əlavə, İranın tərəqqisinin coğrafiyası da fərqli olduğu üçün biz “İran-İslam modelli tərəqqi” anlayışının nədən ibarət olduğunu aydınlaşdırmalı və bu modeli ortaya qoymalıyıq.”
Doktor Səlimifər qeyd etdi ki, “Tərəqqinin İran-İslam modeli”nin üzərinə düşən missiyalardan biri də ədalət ideyasına və bu ideyanın reallaşmasına, mömin insanların tərbiyə olunmasına, dinamik, mütərəqqi iqtisadiyyatdan faydalanmaya və insanların maksimum iş birliyinə əsaslanan bir cəmiyyətin yaradılmasıdır. O dedi: “Ölkənin təhsil sistemində islahatların aparılması, cəmiyyətin dini maariflənməsi işini daha da dərinləşdirmək üçün müvafiq sistemin layihəsinin hazırlanması, intellektual inkişaf və onun cəmiyyətdə geniş təbliği sisteminin yaradılması kimi strategiyaları, habelə Konstitusiya və “20 illik perspektiv plan” kimi ali dövlət sənədlərini rəhbər tutaraq tərəqqi modelini ortaya qoymalıyıq.”
Professor Səlimfər məqaləsini tərəqqi mövzusu ilə bağlı bəzi nəzəri, administrativ, sosial və siyasi əngəllərə toxunmaqla yekunlaşdırdı.
İslam Mədəniyyəti və Təfəkkürü Elmi Araşdırmalar Mərkəzinin təmsilçisi Höccətül-İslam vəl-muslimin Doktor Seyidhüseyn Mirməəzi də konfransda çıxış edərək dedi: “Tərəqqinin İran-İslam modeli” ifadəsi İslama əsaslanan bu modelin İranın mədəni, ictimai, siyasi və iqtisadi özəlliklərinə uyğunlaşdırılmasının vacib olduğunu göstərir.”
Doktor Mirməəzi əlavə etdi: “Mövcud elmi resursların bir yerə toplanması, doktorantura və daha yüksək pillələr üçün xüsusi tədqiqat kurslarının nəzərdə tutulması və keçirilməsi, islami humanitar elmlərin fəlsəfəsini öyrənmək məqsədilə tədqiqatçı qruplarının təşkili “Tərəqqinin İran-İslam modeli”nin layihəsinin işlənməsi və modelin araya-ərsəyə gətirilməsi üçün zəmin yarada bilər.”
Yəzd Universitetinin professoru Doktor Zəhra Nəsrullahi “Tərəqqinin İran-İslam modeli”nin hazırlanmasının vacibliyi haqda çıxışında qeyd etdi ki, Qərbin təqribən bütün inkişaf modelləri İranda tətbiq edilmiş, lakin arzuolunan nəticəni verməmişlər.
“Tərəqqinin İran-İslam modeli”nin başlıca komponentləri barədə danışan Doktor Nəsrullahi bu modelin reallaşması üçün qarşıya düzgün məqsədlərin qoyulmasını, istedadlı nəzəriyyəçi mütəxəssislərin yetişdirilməsini vacib hesab etdiyini dedi. O, fərqli fikir və görüşlər arasında polemikaların genişləndirilməsinin və dərinləşdirilməsinin vacibliyini vurğulayaraq dedi: “Futuroloji tədqiqatlar, ölkənin gələcək perspektivlərini müəyyənləşdirmək yolu ilə düzgün tərəqqi modelini işləyib hazırlamalıyıq.”
Professor Nəsrullahi qeyd etdi ki, İslam dininin formal, zahiri şərtlərinə daha çox önəm verilməsi, sistemli infrastrukturların yoxluğu, “Qərb, İslam və İran” probleminə kifayət qədər bələd olmamaq, istənilən dəyişikliyin əleyhinə çıxmaq, ölkənin elmi ictimaiyyətinin kifayət qədər özünəinamlı olmaması, lazımi çevikliyin, günün tələblərinə uyğunlaşma bacarığının yoxluğu və dünyadakı ciddi rəqiblər düzgün tərəqqi modelinin reallaşması yolunda ən mühüm maneələrdir.
İlk strateji ideyalar konfransının davamında Höccətül-İslam vəl-muslimin Doktor Həmid Parsaniya “İslami tərəqqi və elmin maddi-texniki bazasının idarə olunması” adlı məqaləsini auditoriyaya təqdim etdi. O, nəzəri əsaslarına və sosial-tarixi zəminlərinə diqqət yetirmək şərti ilə, modern inkişafın mahiyyətinin yenidən tədqiqinin vacib olduğunu dedi.